REGİONLAR
Ağstafa, Qazax və Tovuz rayonlarında Silahlı Qüvvələr Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Ağstafa, 27 iyun, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, tabeli müəssisələrin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. Mədəniyyət Mərkəzləri və Uşaq Musiqi Məktəbləri tərəfindən idarənin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında yerləşən hərbi hissələrdə konsert proqramları təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərdə çıxışçılar əsgərlərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Ulu Öndər tərəfindən qurulan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanan Azərbaycan Ordusunun şücaətindən, gücündən geniş bəhs ediblər. Konsert proqramları incəsənət nümayəndələrinin, mədəniyyət işçilərinin ifasında vətənpərvər mahnılarla davam etdirilib.
Mədəniyyət Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılmaqdadır. Belə ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Ağstafa, Qazax və Tovuz rayonlarında Vətən müharibəsi qaziləri mütəmadi olaraq evlərində ziyarət edilir, onlarla həmsöhbət olunur, döyüş xatirələri dinlənilir.