CƏMİYYƏT
Ağstafa rayonunda gölün kənarında top mərmisi aşkarlanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də saat 10:12-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Ağgöl kəndində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və DSX-nin əməkdaşları gölün kənarına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd 100 millimetrlik top mərmisi (BR-412) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.