CƏMİYYƏT
Ağstafa rayonunda iki ədəd top mərmisi aşkarlanıb
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də saat 13:46-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Tatlı kəndində bir mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri ərazidə bir otlaq sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd top mərmisi (1 ədəd 100 millimetrlik OF-412 və bir ədəd 122 millimetrlik OF-56-1) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 1000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Yanvarın 1–dən aprelin 17-dək ANAMA tərəfindən 3447 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 61 min 715 kvadratmetr ərazi yoxlanılıb.