REGİONLAR
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Ağstafa rayonunda Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 9,3 kilometr təşkil edir. Layihəyə üzrə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, təqribən 22 min kubmetr həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülərək kipləşdirilir.
AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, yolboyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunur. Məhz bu səbəbdən 11 ədəd 300 millimetrlik, 2 ədəd isə istismara yaramayan 1000 millimetrlik suötürücü borunun çıxarılması, əvəzinə 132 poqonmetr uzunluğuna malik diametri 500 millimetrlik olan və 42 poqonmetr uzunluğunda diametri 1000 millimetrlik dəmir-beton boruların quraşdırılması, həmçinin boru başlıqlarının dəmir-betonla tikintisi layihədə nəzərdə tutulub. Bundan başqa, avtoqreyderlə 6500 poqonmetr küvetlərin açılması işləri də aparılacaq: “İşlərinin sonuncu mərhələsində yolboyu 3 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 kilometr göstəricisi və 380 siqnal dirəyi quraşdırılacaq, 28 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək”.
Avtomobil yolunun yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışına imkan yaranacaq.