REGİONLAR
Ağstafada “Ölkəmizi tanıyaq” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ağstafa, 5 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Ağstafada “Ölkəmizi tanıyaq” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Ağstafa Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları ilə görüş keçirilib.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev dövlətimizin başçısının təhsilə daim böyük önəm verdiyini deyib, həmçinin ötən ay keçirilən maarifləndirici tur-aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında və inkişafında, onların təlim-tərbiyəsində, eləcə də vətənpərvərlik ruhunun yüksəldilməsindəki mühüm rolunu diqqətə çatdırıb.
Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli və başqaları bu cür inşa müsabiqələrinin məktəblilərinin bədii təsvir və ədəbi yazı bacarıqlarının, eyni zamanda, təxəyyüllərinin inkişafındakı rolundan bəhs ediblər. Qeyd olunub ki, Ağstafa məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 14-dən 17-dək Lənkəran, Masallı və Astara rayonlarında olublar. Onlar həmin rayonların tarixi, möhtəşəm abidələri, zəngin muzeyləri, füsunkar təbiəti, milli mətbəxi və sosial-iqtisadi inkişafı ilə bağlı ətraflı məlumat əldə ediblər.
Sonra inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin şərtlərinə əsasən X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 10-cu sinif şagirdi Kərim Kərimov birinci yer, Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin şagirdi Emin Allahverdiyev ikinci yer, S.Məmmədov adına Poylu kənd tam orta məktəbin təşkilatçı müəllimi Elsevər Rzayev isə 3-cü yerə layiq görülüb.
Sonda qaliblərə Ağstafa Rayon İcra Hakimiyyətinin diplomları təqdim edilib.