MƏDƏNİYYƏT
Ağstafada mədəniyyət işçilərinin iştirakı ilə konfrans keçirilib
Bakı, 9 mart, AZƏRTAC
Prezident İlham Əliyevin Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələri tərəfindən sevinclə qarşılanıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Ağstafa rayon Mədəniyyət Mərkəzində regional idarənin bütün müəssisələrini təmsil edən əməkdaşların iştirakı ilə konfrans keçirilib.
Konfransda Regional İdarənin rəisi Vüqar Qədirov dövlətimizin başçısının bu Sərəncamını mədəniyyətimizə, aşıq sənətinə göstərilən növbəti diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
V.Qədirov Prezident İlham Əliyevin bütün sahələrlə bərabər, ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə, göstərdiyi davamlı və sistemli qayğının və dəstəyin mütəmadi xarakter daşıdığını, son zamanlar imzalanan sərəncamların, qəbul edilən qərarların buna əyani sübut olduğunu qeyd edib.
Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Tovuz rayon Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyinin direktoru Gülbəniz Cəfərova, Qazax rayon Çaylı kənd Folklor Evinin müdiri Məhəmmədəli Məşədiyev, Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filial müdiri Qurban Nağıyev və digərləri çıxış edərək dövlət başçısının mədəniyyət müəssisələrinin inkişafına, mədəniyyət xadimlərinə, istedadlı insanlara göstərdiyi diqqət və qayğıya nəzər salaraq görülən işlərin Azərbaycanın mədəni həyatının inkişafına böyük stimul verdiyini bildiriblər.
Sonda Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən mədəniyyət müəssisələrinin kollektivləri adından Prezident Əliyevə müraciət qəbul edilib.