REGİONLAR
Ağstafada ümumi məhsul buraxılışının həcmi 17,4 faiz artıb VİDEO
Ağstafa, 27 iyul, Famil Quliyev, AZƏRTAC
Cari ilin altı ayında Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 17,4 faiz, o cümlədən kənd təsərrüfatı məhsullarının həcmi 5,2 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər iyulun 27-də Ağstafa Rayon İcra Hakimiyyətində cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə keçirilən şura yığıncağında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin hesabat məruzəsində qeyd olunub ki, Almaniyanın qabaqcıl şirkətlərinin də iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin ikinci mərhələsini təşkil edən 3 zavoddan ibarət Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının tikintisi sürətlə aparılır. Müəssisədə “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodları fəaliyyət göstərəcək. Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezurvuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli fast fud iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı və yem anbarının tikintisi həyata keçirilir. “Ağstafa Aqroservis” MMC-nin ikinci mərhələsinin tikintisinə 36 milyon manat investisiya qoyulub və tikintinin tam başa çatdırılması üçün əlavə 13 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, rayonda özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO sənaye parkı fəaliyyətini uğurla davam etdirməkdədir. Bu gün sənaye parkında 7 müəssisə, eləcə də kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Gələcəkdə balıqçılığın inkişafı üçün Həsənsu çayı üzərində işlər aparılır. Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq, “Azərxalça” ASC-nin Ağstafa filialı təsis edilib. Hazırda binanın tikintisi başa çatmaq üzrədir. Müəssisə fəaliyyətə başlayandan sonra burada 120 nəfər daimi işlə təmin olunacaq.
Məruzə və çıxışlarda rayonda aparılan abadlıq-quruculuq və təmir-tikinti işlərindən də danışılıb. Bildirilib ki, hesabat dövründə Ağstafa şəhərinin abadlaşdırılması, küçə və parkların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri ön plana çəkilib. Hazırda Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə birləşdirən uzunluğu 15,5 kilometr olan Ağstafa-Köçəsgər avtomobil yolunda əsaslı yenidənqurma işləri davam etdirilir. Eyni zamanda, 24 kilometr uzunluqda olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Bundan başqa, Köçvəlili-Qarayazı avtomobil yolu da əsaslı surətdə yenidən qurulur. Bu günlərdə isə Ağstafa-Aşağı Kəsəmən–Zəlimxan–Poylu avtomobil yolunun tikintisinə başlanılıb. Həmçinin rayonda əhalinin təhlükəsiz və rahat gediş gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
İclasda müzakirələrdən sonra qarşıda duran vəzifələrin icrası ilə bağlı lazimi tapşırıq və tövsiyələr verilib.