REGİONLAR
Ağstafalı usta köhnə qarmon və pianolara yeni nəfəs verir VİDEO
Ağstafa, 20 noyabr, AZƏRTAC
Ağstafada yaşayan 67 yaşlı qarmon ustası İslam Süleymanov həm bu aləti kökləməklə, həm də yenisini düzəldib ərsəyə gətirməklə məşğuldur. Köhnə qarmonlara yeni həyat verən ustanın özü də bu musiqi alətinin mahir ifaçısıdır. O, həm də kökdən düşmüş pianoları təmir edir.
İslam Süleymanov 40 ildir ki, bu musiqi alətlərini kökləməklə məşğuldur. İxtisasca iqtisadçı olan İslam usta hələ 7 yaşında ikən qarmona maraq göstərdiyini deyir. Atasının aldığı kiçik qarmon onu bu musiqi alətinə möhkəm bağlayıb. Musiqi təhsili almayan usta gənc yaşlarında qarmonun sirlərinə yiyələnmək üçün Rusiyanın Tula şəhərinə gedib. Burada o, məşhur ustalardan bu musiqi alətinin necə təmir olunmasını öyrənib.
İslam usta bir qarmonun köklənməsi prosesinə 3-4 gün, bəzən bir həftədən də çox vaxt sərf etməli olur. Ölkəmizin müxtəlif bölgələrindən musiqiçilər öz qarmonlarını təmir etdirmək üçün onun yanına gətirirlər. Usta deyir ki, qarmonda milli səs çalarlarını yaratmaq vacib amildir.
Ağstafalı usta gənc nəslin nümayəndələrinə də vaxtaşırı öz məsləhətlərini verir. O, qarmonun təmiri və ifası üçün yanına gələn musiqisevərlərə lazımi kömək göstərir.