REGİONLAR
Ağsu dolaylarında gecə baş verən yanğın lokallaşdırılıb və ərazi nəzarətə götürülüb VİDEO
Ağsu, 2 avqust, AZƏRTAC
Avqustun 2-də gecə saat 02:30 radələrində Ağsu dolaylarında baş verən yanğının qarşısı gündüz saatlarında alınıb və ərazi tam nəzarətə götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri hadisə yerindən xəbər verir ki, gecə güclü külək yanğının təxminən 100 hektaradək əraziyə yayılmasına səbəb olub. Gecə saatlarında hadisə yerinə gələn Ağsu, eləcə də Şamaxı, İsmayıllı, Qobustan, Göyçay və Kürdəmir rayonlarının yanğından mühafizə xidmətlərinin maşın və canlı qüvvəsi yanğının yüksəkgərginlikli elektrik xətlərinin ərazisinə keçməsinin qarşısını alıb.
Səhərə yaxın Fövqəladə Hallar Nazirliyinin helikopterinin köməyi ilə yanğının yüksək dağ yamaclarına və Şamaxı ərazisinə doğru irəliləməsinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin Bakıdan köməyə gələn 50 nəfər canlı qüvvəsi və 40 nəfərdən ibarət xüsusi riskli xilasetmə qüvvəsi də əraziyə cəlb olunub.
Hazırda yanğın ərazisində vəziyyət sabitdir, yanğın ocaqlarında torpaqlama işləri aparılır.