İQTİSADİYYAT
Ağsu rayonunda elektrik şəbəkəsi yenidən qurulur
Bakı, 14 sentyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Ağsu” Elektrik Şəbəkəsi Müəssisəsində istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Müəssisə üzrə elektrik verilişi xətlərində və transformator məntəqələrində əsaslı və cari təmir işləri aparılıb. Görülmüş işlər şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi ilə yanaşı, digər iqtisadi göstəricilərin, o cümlədən elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Bu ilin 7 ayında müəssisə üzrə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 milyon kilovat-saata yaxın artaraq 27 milyon kilovat-saata yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 479 min kilovat-saata yaxın artaraq, təxminən 14,2 milyon kilovat-saat təşkil edib. Ödənişdə 13 və 4 faiz artım qeydə alınıb.