CƏMİYYƏT
Ağsu rayonunda həmkəndlisini odlu silahla öldürməyə cəhd göstərən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 20-də saat 14 radələrində Ağsu rayonunun Qaraqoyunlu kənd sakini Hacıyev Mürvət Zabit oğluna odlu silahdan açılan atəşlə çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Ağsu Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Hacıyev Qaya Seyidəhməd oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qaya Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.