REGİONLAR
Ağsuda əmək yarmarkasında 56 nəfər işlə təmin olunub
Ağsu, 15 avqust, AZƏRTAC
Avqustun 15-də Ağsu şəhərindəki Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmək yarmarkasının açılışında çıxış edən Ağsu rayon Məşğulluq Mərkəzinin direktoru Kamal Mirzəyev ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısının, bu sahədə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının regionların sosial-iqtisadi inkişafına güclü təkan verdiyini, respublikamızın hər yerində, o cümlədən Ağsu rayonunda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaratdığını diqqətə çatdırıb.
Qeyd edək ki, 188 nəfər işaxtaranın iştirak etdiyi əmək yarmarkasında 19 idarə, müəssisə, təşkilat və fiziki şəxs tərəfindən 238 boş iş yeri təklif olunub. Təklif edilən iş yerlərinin 172-si qulluqçu, 57-si fəhlə, 9-u isə xidməti işlər olub. Boş iş yerlərində orta aylıq əməkhaqqı 180 manatdan 300 manatadəkdir.
Tədbirin keçirildiyi müddətdə 56 nəfərə işə göndəriş verilib, 12 nəfər isə peşə kurslarına cəlb olunub.