İQTİSADİYYAT
Əhalinin maliyyə savadlılığının artırılmasına yönəldilmiş təlimlərin keçirilməsi davam edir
Bakı, 25 iyul, AZƏRTAC
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi əhalinin iqtisadi və maliyyə baxımından bilik səviyyəsinin artırılması məqsədilə iş yerlərində maarifləndirmə təlimləri çərçivəsində Təhsil Nazirliyinin və "ASAN xidmət"in birgə həyata keçirdiyi "Məktəblinin dostu" pilot layihəsinin gənc mütəxəssislərinə, həmçinin yerli mobil kommunikasiya şirkətinin əməkdaşlarına istehlak büdcəsinin planlaşdırılması və şəxsi vəsaitlərin idarə olunmasına dair peşəkar təlimlər proqramı keçirib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, Tədqiqatlar və İnkişaf Mərkəzinin İqtisadi maarifləndirmə xidmətinin əməkdaşları tərəfindən keçirilmiş təlimlərdə iştirakçılara maliyyə savadlılığının əhəmiyyəti, şəxsi pul vəsaitlərinin idarə edilməsi, istehlak büdcəsinin planlaşdırılması, kredit və zaminlik, sığorta və nağdsız ödənişlər mövzuları tədris olunub. Eyni zamanda, iştirakçılar arasında ailə büdcəsinin düzgün idarə olunması, gəlir və xərclərin optimallaşdırılmasına dair "Yığım" interaktiv oyunu təşkil edilib. Təlimlərdə mövzularla yanaşı, auditoriyanın bank-maliyyə sahəsi üzrə suallar cavablandırılıb.
İş yerlərində maliyyə maarifləndirilməsinə – müxtəlif müəssisələrin əməkdaşları arasında maliyyə bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank cari ilin ikinci yarımilliyində də bu hədəf qruplar üçün maliyyə savadlılığının artırılmasına fokuslaşmış tədbirlərin təşkilini nəzərdə tutur.