REGİONLAR
Əhalinin siyahıyaalınmasının keçirilməsi üçün Zaqatala rayonu üzrə 9 siyahıyaalma məntəqəsi yaradılıb
Zaqatala, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, 2019-cu il oktyabrın 1-dən 10-dək respublikamızda əhalinin növbəti dəfə siyahıyaalınması keçiriləcək. Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bu mühüm dövlət tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Zaqatala rayonunda da ciddi hazırlıq işləri görülür.
Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, siyahıyaalınmanın keçirilməsi üçün tədbirlər planı təsdiq edilib və yerinə yetiriləcək işlər müəyyənləşdirilib. Rayon üzrə 9 siyahıyaalma, həmçinin 85 təlimatçı-nəzarətçi məntəqəsi yaradılıb. Siyahıyaalma məntəqələrinin işinə mülki-hüquqi müqavilələr əsasında işçilər cəlb edilib. Siyahıyaalmaya cəlb edilmiş təlimatçı-nəzarətçi və sayıcıların təlimatlandırılması üçün sentyabrda seminar-təlimlərin keçirilməsinə başlanılacaq. Təlimlərdə siyahıyaalmanın məqsədi, əhəmiyyəti, təlimatçı və sayıcıların vəzifələri barədə məlumat veriləcək.
İdarə rəisinin sözlərinə görə, Dövlət Statistika Komitəsinin Əhalinin siyahıyaalınması şöbəsindən siyahıyaalınma üçün lazım olan materialların gətirilməsi təmin edilib. Eyni zamanda, əhalini siyahıyaalınmaya cəlb etmək üçün hazırlanmış çağırış materiallarının rayon mərkəzi və kəndlərdə əvvəlcədən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilməsinə başlanılıb.
Fəxrəddin Qurbanov siyahıyaalmanın əhəmiyyətini nəzərə alaraq, tədbirin mütəşəkkil keçirilməsində vətəndaşların rolu və köməyinin yüksək səviyyədə olacağına əmin olduğunu deyib.