ELM VƏ TƏHSİL
Akademik Abel Məhərrəmov nüfuzlu beynəlxalq konfransın elm komitəsinin üzvü seçilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov nüfuzlu beynəlxalq konfransının elm komitəsinin üzvü seçilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, 2019-cu il iyunun 16-dan 20-dək Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək. Konfrans Avropa Kimya Elmləri Cəmiyyətinin kimya və ətraf mühit bölməsi ilə Yunanıstan Kimyaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq. Bu nüfuzlu konfransın elm komitəsində dünyanın müxtəlif ölkələrindən ən tanınmış alimlər təmsil olunurlar. BDU-nun rektoru, akademik Abel Məhərrəmov da bu komitəyə daxil edilib.
Bundan başqa BDU-nun bir neçə əməkdaşı Avropa Kimya Elmləri Cəmiyyətinin xüsusi qrant layihəsi çərçivəsində bu konfransda iştirak üçün dəvət olunub.
Maraqlananlar xülasələri 2019-cu il yanvarın 15-dək təqdim etməlidirlər.
Konfrans barədə http://icce2019.org/ saytı vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.