ELM VƏ TƏHSİL
Akademik İsa Həbibbəyli: Seyfəddin Altaylı hazırladığı lüğətlə təkbaşına bir institutun işini görüb
Türkoloq Seyfəddin Altaylının 3 cilddən ibarət “Azərbaycan türkcəsi sözlüyü”nün təqdimatı olub
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda türkoloq Seyfəddin Altaylının 3 cilddən ibarət “Azərbaycan türkcəsi sözlüyü”nün təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb və bunun dünya üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, elmi ictimaiyyətə təqdim olunan yeni nəşr Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığının daha bir bariz nümunəsi, yazılı salnaməsidir. Akademik vurğulayıb ki, Seyfəddin Altaylı müəllifi olduğu lüğətlə təkbaşına böyük bir institutun işini görüb.
“Azərbaycan-Türkiyə qardaşlığı bu gün, həmçinin iki ölkənin dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin münasibətləri sayəsində özünün zirvəsinə çatıb”, – deyən akademik İ.Həbibbəyli bildirib ki, Türkiyə vətəndaşı olan Seyfəddin Altaylı bu işi ilə Azərbaycan elminə çox sanballı töhfə verib. O, 80 mindən çox sözü əhatə edən bu lüğət üzərində 30 il çalışıb. Kitabın ərsəyə gəlməsi Azərbaycan və Türkiyə üçün böyük dil bayramıdır.
Müasir dövrdə izahlı lüğətlərə böyük ehtiyac olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti yaxın günlərdə Dilçilik İnstitutu tərəfindən hazırlanmış “İzahlı terminlər lüğəti”nin təqdimatının keçiriləcəyini söyləyib.
İ.Həbibbəyli tədbir çərçivəsində Türk Dil Qurumu ilə AMEA-nın ədəbiyyat və dilçilik institutları arasında əməkdaşlıq memorandumunun imzalanacağını diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi “Azərbaycan türkcəsi sözlüyü”nün Mahmud Kaşqarinin “Divani-lüğət-it türk” əsərindən sonra ərsəyə gələn ən önəmli 10-15 lüğətdən biri olduğunu deyib.
Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin isə “Azərbaycan türkcəsi sözlüyü”nün türk dünyasının araşdırmaları üçün böyük imkanlar yaratdığını söyləyib. O, ortaq terminoloji lüğətin, dialektoloji atlasın hazırlanmasının vacibliyini qeyd edib.
“Azərbaycan türkcəsi sözlüyü” adlı fundamental bir kitab yazan Seyfəddin Altaylı bildirib ki, dil tarixi həmişə bəşər cəmiyyətinin tarixi ilə yanaşı olub. Türk milləti bəşəriyyətin ən qədim millətlərindən biri olduğu kimi, türk dili də tarixin qədim dövrlərindən bəri geniş coğrafiyada işlədilən dillərdəndir. O, kitabın 88 mindən artıq sözün qarşılıqlı müqayisəsi əsasında hazırlandığını qeyd edib. Azərbaycan türkcəsinin zənginliyindən danışan Seyfəddin Altaylı aparılan tədqiqatların dilimizin imkanlarını hələ tam əhatə etmədiyini bildirib. O, xalqımızın dilində olan sözlərin, idiomatik ifadələrin toplanılaraq nəşr olunmasının zəruriliyini diqqətə çatdırıb.
Lüğətin nəşrini əlamətdar hadisə kimi dəyərləndirən AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əsərin özəlliklərindən danışıb. Akademik deyib ki, bütün sözlərin həm də ərəb əlifbası ilə verilməsi nəşrin əhəmiyyətini artırır.
Dilçilik İnstitutunun şöbə müdirləri, professorlar İsmayıl Məmmədov və Sayalı Sadıqova belə bir sanballı kitaba görə müəllifə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Seyfəddin Altaylı “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi verilişləri redaksiyasına 20 ildən çox rəhbərlik edib. Türkiyənin İqdır vilayətində doğulan, əslən Azərbaycan türkü olan Seyfəddin Altaylının ana dilimizi təmiz bilməsi onun dil mütəxəssisi olması ilə bağlı deyil. Hazırda onun İqdırda yaşayan nəsli də ana dilimizi, adət-ənənələrimizi olduğu kimi qoruyub saxlayır. İstanbul Universitetini bitirən Seyfəddin Altaylı ümumtürk mədəniyyəti və tarixi ilə bağlı maraqlı məqalələrin, Xocalı soyqırımından bəhs edən ikihissəli “Azərbaycan faciəsi” və “Qafqaz ulduzu” filmlərinin ssenari müəllifidir.