ELM VƏ TƏHSİL
Akademik Muxtar İmanov: Nizamiyyə mədrəsəsi orta əsrlərin ilk universiteti sayılır
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Nizamiyyə mədrəsəsi və onun azərbaycanlı nümayəndələri” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Nizamiyyə mədrəsəsi haqqında məlumat verib. Qeyd edilib ki, Nizamiyyə mədrəsəsi Böyük Səlcuqlar dövründə yaranıb və vəzir Nizammülkün adı ilə bağlıdır. Bağdad Nizamiyyə mədrəsəsi orta əsrlərin ilk universiteti sayılır. Xətib Təbrizi Nizamiyyə mədrəsələri açıldıqdan sonra burada filologiyanı tədris edib və mədrəsədəki məşhur kitabxananın rəhbəri olub. Mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu İslam mədəniyyəti ilə bağlı olan bu mövzunun aktual olduğunu bildirib. O, İslam mədəniyyətinin yaranmasında ərəblərlə yanaşı, farslar və türklərin də böyük rolu olduğunu söyləyib.
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Nizamiyyə mədrəsələrinin yaranmasından danışıb. İslam dinində həm də elmə çağırış olduğunu qeyd edən K.Bünyadzadə bu mədrəsələrin kökündə maarifçiliyin dayandığını bildirib.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.