ELM VƏ TƏHSİL
Akademik Rasim Əliquliyev: AMEA-da dünya elminin çağırışlarına cavab verən əhəmiyyətli meqalayihələr həyata keçirilir
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), eləcə də bütövlükdə Azərbaycan təhsilində prioritet istiqamətlərdə dünya elminin çağırışlarına cavab verən əhəmiyyətli meqalayihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universiteti Elmi Şurasının və AMEA-nın Rəyasət Heyətinin birgə səyyar iclasında çıxışı zamanı səsləndirib.
AMEA-da son 5 ildə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü deyən akademik bu qurumda innovativ elmi layihələrin həyata keçirilməsi üçün güclü platformanın yaradıldığını, superkompüterlərdən, qabaqcıl texnologiyalardan istifadə olunduğunu bildirib.
R.Əliquliyev AMEA-da fəaliyyət göstərən “AzScienceNet” elm kompüter şəbəkəsinin 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunduğunu da nəzərə çatdırıb. Bildirib ki, rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutu GEANT ilə geniş əməkdaşlıq əlaqələri quraraq Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Pan Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası ilə birlikdə reallaşdırılan “EaPConnect” layihəsində Azərbaycan tərəfini təmsil edir: “Bu da o deməkdir ki, azərbaycanlı alimlər Avropa elminə inteqrasiya edə, inkişaf etmiş ölkələrin elm və təhsil müəssisələri ilə birgə tədqiqatlar apara bilərlər”.