ELM VƏ TƏHSİL
Akademik Şahin Mustafayev beynəlxalq forumda fransalı həmkarları ilə birgə gördüyü işlərdən danışıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev Parisdə “Fransa ilə Özbəkistan arasında mədəni irs körpüsü” mövzusunda keçirilən beynəlxalq elmi-mədəni forumun işində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, forumda Özbəkistan ilə Fransa arasında çoxillik elmi-mədəni əlaqələr, Fransa alimlərinin Özbəkistan və Mərkəzi Asiya regionunda apardıqları elmi tədqiqatlar və arxeoloji qazıntılar, Özbəkistanın qədim və orta əsrlər tarixi və mədəniyyətinin öyrənilməsində əldə etdikləri nailiyyətlər və onların Avropada tanıdılması məsələləri geniş və hərtərəfli müzakirə edilib. Tədbirdə Ş.Mustafayev UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru vəzifəsində işlədiyi dövrdə fransalı həmkarları ilə görülən müştərək işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Ş.Mustafayevin tanınmış fransız alimləri Anri-Pol Frankfor, Mişel Espan, Franz Grene və digərləri ilə birlikdə reallaşdırdığı ortaq layihələr nəticəsində bir neçə beynəlxalq elmi konfrans keçirilib. Həmçinin alimimizin elmi redaktəsi ilə Parisdə rus və fransız dillərində “Mərkəzi Asiyada mədəni transfer”, ikicildlik “Mərkəzi Asiya arxeologiyası və tarixi fransız alimlərinin əsərlərində” elmi əsərlər və kitablar nəşr olunub.
Eyni zamanda, Azərbaycan alimi Ümumdünya Özbəkistan Mədəniyyətini Öyrənmə, Qoruma və Populyarlaşdırma Cəmiyyətinin birinci toplantısında da iştirak edib, bu qurumun idarə heyətinin və elmi şurasının üzvü seçilib. Toplantıda Ş.Mustafayevin təklifi əsasında bu cəmiyyətin Azərbaycanın elmi müəssisələri, o cümlədən alimləri ilə əlaqələrinin genişləndirilməsi zərurəti gələn il üçün iş planına daxil edilib.
Səfər çərçivəsində UNESCO-nun baş qərargahında da olan Ş.Mustafayev Azərbaycanın bu qurumun yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, tarix və yaddaş üçün dialoq bölməsinin rəisi Ali Musa İye və digər rəsmi şəxslərlə görüşüb.
Söhbət zamanı Azərbaycanın UNESCO-nun İpək Yolu layihələrində iştirakı, bu sahədə əldə olunmuş nailiyyətlər və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.