REGİONLAR
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası Astarada
Astara, 26 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 26-da Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Astara rayonunun Kijəbə qəsəbəsində koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla tibbi aksiya keçirilib.
Mərkəzin vitreoretinal cərrahiyyə bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Xalid Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiyanın keçirilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə xüsusi karantin rejimi davam etdiyindən bölgələrdən Bakı şəhərinə gələ bilməyən xəstələri sosial izolyasiya qaydalarına riayət olunmaqla operativ şəkildə müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə etmək və onu həll etməkdir.
Gün ərzində 90 nəfər rayon sakini Mərkəzin səyyar klinikasında müayinədən keçib.
Rayon sakinləri pandemiya dövründə insanların sağlamlığının qayğısına qalan dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən ölkəmizin şəhər və rayonlarında əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş “Səyyar klinika” təşkil edilib.
“Səyyar klinika” paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində vaxtaşırı aksiyalar keçirir. Məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.
Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz edilib. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.
Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Səyyar qatar”ı fəaliyyətə başlayıb.
Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ölkəmizdə korluğun qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirir.