ELM VƏ TƏHSİL
Akademik Zərifə Əliyeva adına liseydə “Həyat bəxş et” xeyriyyə aksiyası keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına liseydə görkəmli oftalmoloq alimin doğum gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi bu il də liseydə bir dərs saatı akademik Zərifə Əliyevaya həsr edilib.
Bildirilib ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. O, bir həkim kimi minlərlə insanın gözünə işıq verib, əvəzsiz ana, dəyanətli həyat yoldaşı olub.
Liseydə, həmçinin “Həyat bəxş et” xeyriyyə aksiyası keçirilib. Təhsil müəssisəsinin idman meydançasında şagirdlərin əl işlərinin və müxtəlif fərdi əşyalarının satış sərgisi təşkil olunub.
Satışlardan əldə olunan vəsait 13 yaşlı Ləman Qurbanovanın müalicəsinə yönəldiləcək.