CƏMİYYƏT
Akif Qurbanov: karantin tədbirləri yumşaldıqca qaydalar daha da sərtləşdirilməlidir
Bakı, 29 avqust, AZƏRTAC
Karantin tədbirləri yumşaldıqca qaydalar daha da sərtləşdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
Onun sözlərinə görə, əvvəlki vaxtlara nisbətən ölkədə yoluxma sayı kifayət qədər azalıb: “Ancaq bu, bizi arxayın salmamalıdır. Daha yumşaq karantin rejiminə yavaş-yavaş keçilir”.
Akif Qurbanov, həmçinin bildirib ki, payız-qış mövsümü gəldiyindən bütün respirator infeksiyalar aktivləşmiş olacaq: “Hazırda dövlət səviyyəsində qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 2-3 ay ərzində vaksinlərin ölkəyə gətirilməsi təmin ediləcək. Hər kəs bir şeyi nəzərdə saxlamalıdır ki, qoruyucu tədbirləri lazımi şəkildə icra etmək vacibdir”.