REGİONLAR
Əkinçilik Elmi-Tədqiqat İnstitutu fermerləri fəal əməkdaşlığa dəvət edir
Bakı, 29 yanvar, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Taxıl istehsalında mövcud problemlər və perspektiv çıxış yolları” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, institutun direktoru Faiq Xudayev çıxış edərək fermerlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasının, onlara göstərilən məsləhət-informasiya xidmətinin yüksəldilməsinin vacib hədəflərdən olduğunu deyib. Vurğulanıb ki, konfrans ölkədə taxılçılıq sahəsində olan çətinliklərin aradan qaldırılmasında və gələcəkdə işlərin düzgün qurulmasında istiqamətləri müəyyən edəcək: “Buna görə də konfransda iştirak edən toxumçu fermerlər fəaliyyətlərində üzləşdikləri mövcud problemləri açıq dilə gətirməli, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa maraq göstərməlidirlər”.
Tədbirdə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov müasir dövrdə alimlərlə fermerlərin birgə fəaliyyət göstərməsinin çox vacib olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, alimlər fermerlərin yanında olmalı, onların problemlərini öyrənməli və elmdə qazanılan nailiyyətləri fermerlərə tövsiyə etməli, fermerlər isə yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu tövsiyələrdən yararlanmalıdırlar.
Şamaxı, Ağsu, Xaçmaz, Qusar, İsmayıllı, Beyləqan rayonlarında fəaliyyət göstərən toxumçular, taxıl və toxum istehsalı ilə məşğul olan şirkət nümayəndələri çıxış edərək birgə əməkdaşlığın qurulması istiqamətində təkliflərini səsləndiriblər.
Konfrans institutun istehsalat üzrə direktor müavini Atif Zamanovun “Taxıl istehsalının artırılmasında aparılan tədbirlər paketinin əhəmiyyəti”, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Xanbala Rüstəmovun “Azərbaycanda yeni buğda sortları, problemlər və perspektivlər”, “Dənin keyfiyyəti” laboratoriyasının müdiri Qətibə Həsənovanın “Yüksək keyfiyyətli məhsul alınmasının problemləri və perspektivləri”, “Torpaq və bitki analizləri laboratoriyasının müdiri İmrəli Hacıməmmədovun “Taxıl bitkilərindən yüksək keyfiyyətli məhsul alınmasında torpaq analizlərinin əhəmiyyəti” mövzusunda təqdimatları ilə davam etdirilib.
Sonda iştirakçılara Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rayonlaşmış bitki sortları haqqında tanıtım çarxı nümayiş olunub və yerli sortlar haqqında sərgi təşkil edilib.