İQTİSADİYYAT
“Akkord” korporasiyası “Sənaye ili” çərçivəsində qeyri-neft sənayesinin şaxələndirilməsinə ilk töhfəsini vermişdir
Bakı, 14 fevral (AZƏRTAC). “Akkord” korporasiyası “Sənaye ili” çərçivəsində qeyri-neft sənayesinin şaxələndirilməsinə ilk töhfəsini vermişdir.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, korporasiyanın Qazax rayonunun Daş Salahlı kəndinə yaxın ərazidə inşa etdiyi Qazax Sement Zavodu bu ildən Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyətə başlamışdır. Zavod “Akkord sement” brendi altında dörd növdə sement istehsalını həyata keçirir. İstehsal edilən sement növlərinə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş, müvafiq uyğunluq sertifikatları verilmişdir.
Zavodun layihələndirilməsi və proqramlaşdırılması dünyanın bu sahələrdə lider şirkətləri tərəfindən aparılmışdır. Müəssisə ən müasir avadanlıqla təchiz edilərək sementin quru üsulla istehsalını həyata keçirir. Tikintisinə 250 milyon manat investisiya qoyulmuş zavodda 700 nəfər işlə təmin olunmuşdur.
Qazax Sement Zavodunda bu il üç milyon ton sement istehsalı nəzərdə tutmuşdur. Bu mühüm layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafına təsir göstərməklə yanaşı, həm də ölkənin qeyri-neft sənayesinin şaxələndirilməsinə dəstək olacaqdır.