İQTİSADİYYAT
“Əl-Ərəbiyyə” telekanalı: Azərbaycan hərbi əməliyyatlara rəğmən təbii qazı Cənubi Avropaya çatdırmaq planını həyata keçirəcək
Qahirə, 6 noyabr, AZƏRTAC
Azərbaycan hərbi əməliyyatlara rəğmən təbii qazı Cənubi Avropaya çatdırmaq planını həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” televiziya kanalında efirə gedən reportajda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadla bildirilib.
Telekanalın xəbərlər proqramında qeyd olunub ki, Azərbaycan rəsmisi “Reuters” informasiya agentliyinə bildirib ki, Azərbaycan öz torpaqlarının erməni işğalından azad edilməsi üzrə apardığı hərbi əməliyyatlara rəğmən nəzərdə tutulan bütün planları həyata keçirəcək. Artıq bu ay Trans-Adriatik boru kəməri (TAP) “Şahdəniz” qaz-kondensant yatağından hasil edilən qazın ildə 10 milyard kubmetrlik həcminin qəbulu üçün hazır olacaq. Eyni zamanda, iki həftə sonra Cənub Qaz Dəhlizinin yeni hissəsi də başa çatacaq.
“Əl-Ərəbiyyə” telekanalının reportajında vurğulanıb ki, “Şahdəniz” konsorsiumuna başçılıq edən BP şirkəti ötən ay neft-qaz kəmərlərinin təhlükəsizliyinin zəruriliyini, onların Ermənistanın raket atəşinə məruz qalacağı ehtimalını diqqətə çatdırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə