DÜNYA


Əl-Əzhər məscidi sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib

Qahirə, 5 avqust, AZƏRTAC

Sünni İslam dünyasının ən mühüm mərkəzlərindən biri olan Misirin Əl-Əzhər məscidi “Əl-Qaeda” terror təşkilatının bu yaxınlarda öldürülən lideri Ayman Əl-Zəvahirinin guya ötən əsrin 20-30-cu illərində Əl-Əzhər Baş imamı olmuş Şeyx Məhəmməd Əl Əhmədi Əl-Zəvahirinin yaxın qohumu olması barədə sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib.

AZƏRTAC Əl-Əzhər Ekstremizmlə Mübarizə Mərkəzinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, dini qurum bu feyk xəbərlərin Əl-Əzhərin nüfuzuna xələl gətirmək üçün yayıldığını bəyan edib. Açıqlamada bildirilib ki, terror təşkilatının lideri ilə 1929-1935-ci illərdə Əl-Əzhər Baş imamı olmuş şəxs arasında heç bir qohumluq bağı yoxdur və onlar, sadəcə, eyni soyadı daşıyırlar. “Kabildə öldürülən terror təşkilatının lideri 1951-ci ildə Qahirədə doğulub və mərhum Əl-Əzhər Baş imamı həmin tarixdən 5 il əvvəl vəfat edib. Mərhum Şeyx Məhəmməd Əl-Zəvahiri böyük islahatçı ilahiyyat alimi olub və həmin dövrdə Osmanlı imperiyasının süqutundan sonra xilafətin bərpa olunması ilə bağlı Misir Kralı I Əhməd Fuadın təklifinə qarşı çıxıb”, - deyə Mərkəzin açıqlamasında qeyd olunub.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.