SİYASƏT
“Əl-Nahar” qəzeti: “Azərbaycan... dünyada inkişaf edən turizm incisidir”
Bakı, 18 mart, AZƏRTAC
Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin 15 mart tarixli sayında qəzetin müxbiri Samira Freymeşin “Azərbaycan... dünyada inkişaf edən turizm incisidir” başlıqlı məqaləsi dərc edilib.
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə müəllif, son dövrdə Azərbaycan hökumətinin dəstəyi sayəsində ölkəmizdə turizmin inkişaf etdiyini vurğulayıb. Bir neçə il bundan öncə Azərbaycanın turistlər üçün cəlbedici olmadığını qeyd edən S.Freymeş yazır ki, son zamanlar Yaxın Şərqin ən əhəmiyyətli turizm ölkələrində təhlükəsizlik və sabitliyin olmaması səbəbindən ərəb ölkələri və ümumiyyətlə bütün ərəb dövlətlərindən turistlər öz bayram tətillərində Azərbaycana səyahət etməyə maraqlıdırlar. Məqalədə Azərbaycan hökumətinin Küveyt də daxil olmaqla, bütün ərəb ölkələrindən Azərbaycana turistlərin cəlb edilməsi üçün prosedur qaydalarının asanlaşdırılması məqsədilə özəl sektor və turizm şirkətlərinə dəstəyini əsirgəmədiyi, ərəb ölkələri və Azərbaycan arasında turizm sahəsinin inkişaf etdiyi, Küveyt və Bakı arasında çox münasib bir qiymətə birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra iki ölkə arasında turist axının intensivləşdiyi qeyd olunur.
Müəllif Azərbaycanın ərəb ölkələri ilə tarixi, dini və mədəni köklərlə bağlı olduğunu qeyd edərək, son zamanlar Azərbaycan və Küveytin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin gücləndiyini bildirib. Samira Freymeş Azərbaycanın bir çox turizm şirkətlərinin ərəb ölkələrindən turistlərin gəlişində maraqlı olduqlarını, Küveyt vətəndaşlarının Azərbaycana səfər etmək üçün Bakıda hava limanında elektron viza almaq imkanında olduqlarını vurğulayıb. Azərbaycanın Küveytdəki səfirliyinin ölkəmizdə turizm sahəsinin inkişafının təşviqi istiqamətində rolunu və səylərini yüksək qiymətləndirib, Küveytlə Azərbaycan arasında məsafənin bir o qədər böyük olmadığını bildirib, Azərbaycana səfər edəcək küveytli turistlərin sayının daha da artacağına inandığını diqqətə çatdırıb.
Həmçinin müəllif məqaləsində Azərbaycanın turizm şirkətləri tərəfindən bütün turistlərə, xüsusən də tarixi, dini, mədəni köklərlə bağlı ərəb ölkələrinin turistlərinə xüsusi diqqət və yüksək xidmət göstərildiyini qeyd edib. Samira Freymeş turistlərin ixtisaslaşmış institutların mütəxəssisləri və məzunlarından ibarət ərəb dilindən tərcüməçilər, habelə Azərbaycanın turizm bölgələrinə səfər etmələri üçün bələdçilərlə təmin edildiyini, paytaxt Bakının ölkənin ən əhəmiyyətli turizm şəhərlərindən biri olduğunu, Heydər Əliyev adına Beynəlxalq hava limanında bütün şəraitin yaradıldığını, bu hava limanından digər bölgələrə getməyin çox asan olduğunu yazıb. Bildirib ki, turizm şirkətləri turistləri hava limanından mehmanxanalara və istənilən məkana getmələri üçün nəqliyyat vasitələri ilə təmin edir, onlar rahatlıqla Azərbaycanın turizm bölgələrinə səyahətə çıxır və turizm obyektləri ilə tanış olurlar. Bu səfər zamanı turistlərə yüksək səviyyədə xidmət göstərilir.
Eyni zamanda, məqalədə Azərbaycanda 11 iqlim qurşağından 9-nun mövcud olduğu bildirilir. Qeyd olunur ki, ölkəmizdə UNESCO-nun ümumdünya irs siyahısına salınmış çoxlu sayda tarixi abidələr mövcuddur. Azərbaycanda nəinki yayda, ilin digər mövsümlərində, xüsusən də qış aylarında turistlərin dağlarda xizək sürmələri üçün şərait yaradılıb. Ərəb ölkələri Azərbaycana investisiyalar qoyublar, ölkədə bir çox ərəb restoranları açılıb. Azərbaycan xalqı böyük bir mədəniyyətə sahib, qonaqpərvər və qonaq sevən xalqdır. Diqqətə çatdırılır ki, paytaxt Bakı Xəzər dənizinin sahilində və Abşeron yarımadasının cənub sahilində yerləşən ən böyük şəhərlərdən biridir. Bakı Azərbaycanın elmi, mədəni və sənaye mərkəzi sayılır. Bu şəhərdə dünyanın 100 ən güclü şirkətindən biri olan SOCAR fəaliyyət göstərir. Bakıda 1847-ci ildə ilk dəfə neft hasil olunmağa başlayıb. Həmçinin Azərbaycanın digər turizm şəhərlərindən biri də Qəbələdir. Bu şəhərdə turistlərin alış-veriş etmələri üçün bir çox ticarət mərkəzləri fəaliyyət göstərir, 2009-cu ildən etibarən Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalı keçirilir. Şəhərdə bir çox tarixi muzey, mədəniyyət mərkəzləri və teatr fəaliyyət göstərir.