CƏMİYYƏT


Əl-ayaq-ağız xəstəliyi suçiçəyini xatırladan qabarcıqlarla müşayiət olunur

Bakı, 21 avqust, AZƏRTAC 

Çox hallarda enterovirus ailəsindən Koksaki virusunun yol açdığı əl-ayaq-ağız xəstəliyi xüsusilə yay aylarında və payızda epidemiya halını alır.

AZƏRTAC Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına istinadən xəbər verir ki, bu xəstəliyə ən çox uşaqlarda təsadüf olunur. Hovuz mövsümünün başlaması və infeksiyalaşmış hovuz suyunun udulması ilə xəstələnmə riski artır. Xəstəliyə yuxarı tənəffüs yolları, tüpürcək, yaxın təmas və nəcis vasitəsilə yoluxmaq mümkündür. Xəstəliyin ilkin əlamətləri burun axıntısı, boğaz ağrısı, halsızlıq, başağrısı, yüksək temperatur, iştahasızlıq, qusma, ishal kimi hallardır. Bu əlamətlərə bir neçə gün ərzində ağız içində və ya ətrafında yaralar, əl və ayaqlarda qızarıqlıqlar və suçiçəyini xatırladan içi maye dolu qabarcıqlar, dizlərin arxasında, qalça, qasıq və genital bölgədə də görülə bilən qırmızı səpkilər əlavə olunur.

Bu halla üzləşdikdə xəstəlik müddətində bol maye qəbul edilməli, ağızdakı yaralar səbəbi ilə qidalanma çətinləşdiyi üçün yaraları göynətməyən qidalara üstünlük verilməli, ilk beş gün xəstəliyin yüksək yoluxuculuğa malik olduğu unudulmamalı, mümkün qədər hərarət düşürücülər, ağrı kəsicilər, yaraların sağalmasını sürətlənməsi üçün mazlar və losyonlardan istifadə edilməlidir. Onu da qeyd etmək lazımdır ki, bu virus infeksiyası olduğu üçün antibiotik istifadəsi mənasızdır. Xəstəlik 10 gün ərzində öz-özünə sağalır. Lakin ağırlaşmaların ola biləcəyi nəzərə alınmalıdır. Xüsusilə uşaqlar mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.