REGİONLAR
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar VİDEO
Naxçıvan, 1 oktyabr, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yolasalma mərasimində şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən zabit, əsgər və valideynlər Vətən müharibəsində qazanılan təcrübə ilə keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
General-leytenant Fazil Ağalarov ixtisas hazırlığı kurslarını uğurla başa vurmaları münasibətilə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb və muxtar respublikada ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, bütün birləşmə və hissələrdə, yüksək dağlıq şəraitdəki mövqelərdə dövlət qayğısı ilə müasir xidmət şəraiti yaradılıb. Şəxsi heyətin döyüş hazırlığının artırılması üçün plana uyğun təlim və məşğələlər keçirilir. Bütün bunların nəticəsində Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edərək torpaqlarımızın azad olunması uğrunda şücaət göstəriblər. İnanırıq ki, bu gündən döyüş növbətçiliyinə cəlb olunacaq əsgərlərimiz də Vətən müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.
Çıxışlardan sonra əsgərlər müxtəlif hərbi ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.
Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.