ŞUŞA İLİ
Əlcəzair KİV-lərində “Şuşa İli” barədə məqalə dərc olunub
Qahirə, 28 mart, AZƏRTAC
Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov bu ölkənin “Əl Şuruğ”, “Əl-Hivar” qəzetləri və “Əl Hərir” portalında Azərbaycanda “Şuşa İli” tədbirləri haqqında məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə bu yaxınlarda Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının işğaldan azad edildiyi Şuşa şəhərində keçirildiyi diqqətə çatdırılıb. Müəllif yazıb ki, bu tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın BMT-yə qoşulduqdan təxminən iki ay sonra Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu, azərbaycanlıların öz şəhərindən, yurdlarından didərgin salındığını bildirib. O əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra Şuşa azad edilib və bu gün qədim mədəniyyət paytaxtı öz simasını günbəgün dəyişən, sürətlə inkişaf edən, yenidən qurulan bir şəhərdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini vurğulayan müəllif Şuşanın tarixi, zəngin irsi, qədim abidələri, dünya və Şərq mədəniyyətinə bəxş etdiyi şəxsiyyətlər barədə ətraflı məlumat verib. O vurğulayıb ki, işğalçı Ermənistan silahlı birləşmələrinin dağıtdığı infrastruktur obyektlərinin, həmçinin tarix-mədəniyyət abidələrinin, məbədlərin bərpası istiqamətində işlər şəhərin Baş planına uyğun olaraq davam etdirilir. Eyni zamanda, Şuşada yenidən “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri keçirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə