CƏMİYYƏT
Ötən il QHT-lərin “Şuşa İli” ilə bağlı 22 layihəsinə maliyyə yardımı verilib

Bakı, 17 yanvar, Elmir Səftərov, AZƏRTAC
Ötən il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən və “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatının layihə müraciəti daxil olub. Agentliyin Müşahidə Şurasının qərarı ilə 22 layihəyə maliyyə yardımı ayrılıb.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.
O qeyd edib ki, layihələr çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində (ABŞ, Cənubi Koreya, Fransa, Norveç və s.) fərqli formatlarda tədbirlər təşkil edilib. Dünyanın müxtəlif ölkələrindən olan alimlərin, blogerlərin, influnserlərin Azərbaycana, Şuşaya səfəri təşkil edilib, sənədli filmlər, saytlar, vikipediyada 9 dildə 240 yeni məqalə hazırlanıb.
“Həmçinin Şuşanın tarixi və mədəniyyətini özündə ehtiva edən kitablar nəşr etdirildi, Azərbaycanda yeni media məhsulu hesab edilən lonqrid hazırlandı, “Google Maps” və “Yandex Maps” platformalarında Şuşada 119, ümumilikdə isə 171 toponim əlavə edilib. Layihələr çərçivəsində çəkilən qısa video bloqlar milyonlarla insan tərəfindən izlənilib və dünya trendinə düşüb. Hazırda layihələrin nəticələri ilə bağlı ictimaiyyət və mətbuat nümayəndələri üçün hesabat hazırlanır”, - deyə A.Əliyeva əlavə edib.