CƏMİYYƏT
Əlcəzair portalı Şuşada təşkil olunan beynəlxalq skaut düşərgəsindən yazıb
Qahirə, 17 avqust, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində yuxarı yaşlı skautlar üçün təşkil olunan “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi barədə AZƏRTAC-ın ərəb dilində xəbərini və fotoşəkilləri yayımlayıb.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Şuşaya ilk addımlarını “Zəfər yürüşü” ilə atan skautlarımızın Qarabağdakı ilk düşərgəsində Türkiyə, Polşa, Ukrayna, Macarıstan, Gürcüstan, Misir və Moldovadan 20 skaut iştirak edib. Bununla da “Wonderland Shusha 2022” düşərgəsi skautların Qarabağda ilk düşərgəsi kimi tarixə düşüb. Ümumilikdə 150 nəfərin iştirak etdiyi düşərgənin ilk günü skautlarımız çadırlarını qurduqdan sonra təhlükəsizlik qaydaları ilə tanış olub, “zərərdən müdafiə” təlimini keçiblər. Daha sonra Şuşa şəhərinin ecazkar təbiəti və tarixi ilə yaxından tanış olublar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə