CƏMİYYƏT
Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara məlumat verib.
Ramiz Rzayev son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb.
Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası ilə işgüzar əlaqələrinin yaranmasından razılıq ifadə edən Ali Məhkəmənin sədri əminliyini bildirib ki, iki ölkənin ədliyyə nazirlikləri arasında mövcud olan Anlaşma Memorandumu, hazırkı səfər çərçivəsində imzalanan ekstradisiya sahəsində müvafiq müqavilə ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edir.
Əlcəzairin məhkəmə sistemi haqqında ətraflı danışan ədliyyə naziri Tayeb Louh iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əlcəzairli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar. Məhkəmə tarixi muzeyinə baxan Əlcəzairin ədliyyə naziri xatirə kitabına ürək sözlərini yazıb.