SİYASƏT
Əli Asayev: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 14-də Moskvada, “Neolit” kafesində baş vermiş insident zamanı həlak olanların ailələrinə xalqım adından və şəxsən öz adımdan başsağlığı verirəm və zərər çəkmiş insanların tezliklə sağalmasını arzu edirəm. Bizi sarsıdan bu insident xalqlarımız arasında əsrlərin dərinliyindən qaynaqlanan dostluğun pozulmasında maraqlı olan üçüncü şəxslər tərəfindən provokasiyadır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanda çeçen xalqının nümayəndəsi Əli Asayev bildirib.
O deyib ki, bizi dinlə bərabər, əsası əcdadlarımız tərəfindən qoyulmuş mədəni və əxlaqi dəyərlər birləşdirir. Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik. Buna görə də bütün dünyada özümüzü bir regiondan olan qardaşlar kimi təqdim edirik.
Ə.Asayev deyib: “Moskvada baş vermiş və mənəvi-əxlaqi dəyərlərini itirmiş ayrı-ayrı şəxslərin yaramaz hərəkətlərinə gətirib çıxarmış son hadisə Azərbaycan ərazisində yaşayan çeçen diasporunu son dərəcə hiddətləndirib. Onlar unudublar ki, müsəlman və əslən Qafqazdan olduqları üçün ilk növbədə, öz xalqlarının maraqlarını güdməlidirlər. Axı qafqazlıları həmişə ağsaqqallara, adət-ənənələrinə və köklərinə hörmət etdiklərinə görə qiymətləndiriblər. Xalqım adından indiki gənclərə müraciət edərək demək istəyirəm ki, şəxsi münasibətləri millətlərarası münaqişələr müstəvisinə keçirmək yolverilməzdir. Ümidvarıq ki, belə hadisə bir daha təkrar olunmayacaq. Axı Ulu Öndər Heydər Əliyev başda olmaqla bizim siyasi liderlərimiz həmişə Qafqaz xalqlarını vahid Qafqaz Evində birləşdirməyə çalışıblar”.