SİYASƏT
Əli Əsədov: Böyük Qayıdış proqramı xüsusi rəmzi məna daşıyır
Bakı, 9 dekabr, AZƏRTAC
Böyük Qayıdış proqramı xüsusi rəmzi məna daşıyır. Artıq bu barədə Dövlət Proqramı da qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında 2023-cü il üçün dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Dövlət büdcəsi ilə bağlı qanun layihəsinə münasibət bildirən Baş nazir qeyd edib: “Biz hamımız fəxr edirik ki, Zəfər qazandıq, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Zəfərimizdən sonra qlobal iqtisadi prosesləri nəzərə alaraq “Azərbaycan-2023 milli prioritetlər” İnkişaf Strategiyası qəbul edilib. Bu strategiya inkişaf çağırışlarını özündə əks etdirir.
Əli Əsədov vurğulayıb ki, hökumətin vəzifəsi qarşıya qoyulan məqsədlərə çatmaq, ölkəmizin yüksək rifah halını təmin etməkdir.