İQTİSADİYYAT
Ali Radanın deputatı: Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini azı 1,5 milyard dollara çatdırmağa səy göstərməlidirlər
Kiyev, 29 aprel, AZƏRTAC
Azərbaycan və Ukrayna son illər ərzində iqtisadi qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Biz sürəti azaltmamalıyıq, çünki potensial böyükdür. Əmtəə dövriyyəsini azı 1,5 milyard dollara çatdırmağa səy göstərilməsi vacibdir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı, Ali Radanın Maliyyə, vergi və gömrük siyasəti məsələləri komitəsinin üzvü İrina Allahverdiyeva deyib.
Deputat vurğulayıb ki, bu məsələyə, ilk növbədə, 2018-ci ildə yaradılan və kifayət qədər uğurlu iş nümayiş etdirən Azərbaycan Ticarət Evi kömək edə bilər. Ali Radanın üzvü bildirib: “Həm biznes, həm də dövlət səviyyəsində əlaqələr, etimadlı münasibətlər və birgə layihələr - əmtəə dövriyyəsini artırmaq üçün ən yaxşı vasitədir. Biz, həmçinin qarşılıqlı faydalı ticarətə bütün maneələri aradan qaldırmağa səy göstərməliyik”.
İrina Allahverdiyeva əlavə edərək deyib: “Parlamentlərimiz arasında sıx əlaqələr mövcuddur. İki ölkənin parlament nümayəndə heyətləri müntəzəm şəkildə görüşür. Biz bunu davam etdirəcəyik. Parlamentarilər biznesə də kömək edirlər, bu da parlament diplomatiyasının çox mühüm istiqamətidir. Biz hər hansı birgə ünsiyyətə həmişə şadıq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev