ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin inkişaf göstəriciləri beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasında beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesi beynəlxalq təcrübə nəzərə alınmaqla təşkil olunacaq, əcnəbi professor-müəllim heyəti kurikulumların yenilənməsi işinə cəlb ediləcək. Bundan başqa, bu ali təhsil müəssisələrinin inkişaf göstəriciləri beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əks olunub.
Dövlət Proqramında beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması nəzərdə tutulur.
İşin icrası Təhsil Nazirliyi və tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumlarına tapşırılıb.