Əlil Təşkilatları İttifaqının sədri: Ölkəmizdə əlillər hər cür qayğı və dəstəklə əhatə edilir
AzerTAg.az

Bakı, 5 may, AZƏRTAC
Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması tarixi 1992-ci ildən başlanır. Həmin il mayın 5-də Avropanın 17 ölkəsində eyni vaxtda əlilliyi olanlar bərabər hüquqlar uğrunda, fiziki, əqli və hissiyyat çatışmazlığı olanlara qarşı mübarizə günü keçirdikdən sonra həmin günün qeyd olunması ənənə şəklini alıb. Onun qeyd edilməsinin məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdən ibarətdir.
Bununla əlaqədar AZƏRTAC-a müsahibə verən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib: “Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada 1 milyarddan çox insan bu və ya digər formada əlilliyə malikdir ki, bu da dünya əhalisinin təxminən 15 faizinə bərabərdir. Bunlardan 100 milyondan çoxu əlilliyi olan uşaqlardır. Dövlət Statistika Komitəsinin ötənilki məlumatına görə, ölkəmizdə 559 min 173 nəfər əlilliyi olan şəxs var. Bu, əhalinin 5,6 faizini təşkil edir. Onlardan 55 min 782-i əlilliyi olan uşaqlardır”.
O, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirləri xatırladaraq bildirib: “Ölkəmiz 2008-ci ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyaya qoşulub. 2018-ci ildə Azərbaycanda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun qəbul olunub, müvafiq hüquqi-normativ sənədlərdə dəyişikliklər və əlavələr edilib. Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlarla bu il yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması sahəsində mühüm dəyişikliklər həyata keçirilib. Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 milyon manat ödənilib. Son bir ildə 16,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb. Onların arasında əlillərin də olmasını və hər cür qayğı və dəstəklə əhatə edildiyini xüsusi vurğulamaq istərdim. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların sosial xidmətlərlə təminatı, peşə-əmək reabilitasiyası, paralimpiya hərəkatının genişlənməsi və s. sahədə həyata keçirilən tədbirlər də təqdirəlayiqdir”.
Xəbərin mətnində orfoqrafik səhv var