MƏDƏNİYYƏT
Əlilliyi olan gənclərin “Şərq nağılı” ikinci beynəlxalq yaradıcılıq festivalı başa çatıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” ikinci beynəlxalq yaradıcılıq festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də festivalın bağlanış mərasimi və qala-konsert keçirilib.
Festival Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Üç gün davam edən festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak ediblər.
Festivalın yekun tədbirində açılış mərasimindən və festival çərçivəsində keçirilən tədbirlərdən, görüşlərdən, ustad dərslərindən və ekskursiyalardan videogörüntülər nümayiş olunub.
Sonra festival iştirakçıları konsert proqramı ilə çıxış ediblər. Hər bir ölkəni təmsil edən kollektivə festivalda iştirak etdiyinə görə diplom təqdim olunub.
Qeyd edək ki, festival təkcə gənclərin istedadlarının aşkara çıxarılmasına deyil, həm də ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.