REGİONLAR
Əlilliyi olan şəxslər ölkəmizdə hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər
Ağsu, 3 dekabr, AZƏRTAC
Əlilliyi olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bu gün Ağsuda 2733 nəfər tamamilə və qismən sağlamlığını itirən şəxs var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağsu şəhərindəki Veteranlar evində 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə keçirilən görüşdə danışılıb.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb. Vurğulayıb ki, bu gün dövlət əlilliyi olan insanları çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, istirahət və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb edir. İstər paytaxtda, istərsə də bölgələrdə yeni reabilitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi xüsusi diqqətdə saxlanılır. Dövlət başçısının Sərəncamına əsasən əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülür. Əlil və şəhid ailələri üçün Ağsu rayonunda 50 ev tikilərək istifadəyə verilib. Bu evlərdən 26-sı Qarabağ müharibəsi əlilləri, 24-ü isə şəhid ailələri üçündür. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən əlilliyi olan şəxslərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır.
Görüşdə çıxış edən Qarabağ müharibəsi əlilləri Allahverdi Qəmbərov, Kamil Səlimov, Asif Abuzərov onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Həmçinin əlilliyi olan şəxslərin qayğıları dinlənilib.
Sonda əlilliyi olan şəxslərə hədiyyələr verilib.