ELM VƏ TƏHSİL


Alimlər: Dinozavrların indiki Alyaska ərazisində yaşamasına və çoxalmasına dair sübutlar tapılıb

Bakı, 13 iyul, AZƏRTAC

Paleontoloq alimlərin aşkar etdikləri daşlaşmış heyvan qalığı dinozavrların indiki Alyaska ərazisində yaşaması və çoxalması haqqında nəzəriyyəni təsdiq edir. Bu barədə “New York Post” qəzeti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, London İmperial Kollecindən Alfio Alessandro Kyarentsının rəhbərliyi ilə bir qrup alim Alyaskanın şimalında domeozavrid (onlar yırtıcı olub) fəsiləsinə aid cavan dinozavrın çənə sümüyündən bir hissə aşkar ediblər. Paleontoloqların fikrincə, tapılmış sümük qalığı aşkar olunduğu yerin yaxınlığında doğulmuş dinozavra məxsus olub. Söhbət 70 milyon il əvvəl yaşamış dinozavrın uzunluğu 14 mm olan alt çənəsinin daşlaşmış sümüyündən gedir.

Tədqiqatçılardan Toni Fyorillo vurğulayıb ki, indiyədək alimlər dinozavrların şimal rayonlarında ilboyu yaşayıb-yaşamadığı və ya o yerlərə miqrasiya etməsi barədə mübahisə ediblər. Lakin cavan dinozavrın çənəsinin qalıqlarının tədqiqi ilə əldə olunan nəticə bəzi dinozavrların şimalda nəinki yaşaması, həmçinin çoxalması barədə ilk fiziki sübutu təqdim edir. Tədqiqatın nəticələri alimləri “dinozavrların yaşamaq və çoxalmaq üçün soyuq iqlimi münasib hesab etməsi” fikrinə yönəldir və qarşıda duran məsələ bunu təsdiq etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.