SİYASƏT


Əliqismət Bədəlov: Fransa vasitəçilik şansını çoxdan itirib

Əliqismət Bədəlov: Fransa vasitəçilik şansını çoxdan itirib

Bakı, 30 noyabr, AZƏRTAC

Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıq artıq dünya birliyi tərəfindən də qəbul edilir. Müharibədə Ermənistan üzərində parlaq Qələbə qazanan Azərbaycan tərəfi bütün vasitələrlə postmüharibə dövründə münasibətlərin tənzimlənməsi və iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan Ermənistana hərtərəfli sülh müqaviləsinin imzalanmasını təklif edib və bu müqavilənin əsasını təşkil edən, beynəlxalq hüquq normaları ilə tənzimlənən 5 baza prinsipini Ermənistan tərəfinə rəsmən təqdim edib. Bölgədə davamlı sülhün və əmin-amanlığın təmin olunması məqsədilə Ermənistana təqdim olunan baza prinsiplərinə qarşı tərəfdən məzmunlu cavab verilməməsi bu ölkənin hələ də işğalçılıq siyasətindən əl çəkməməsindən xəbər verir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

Ə.Bədəlov deyib ki, Ermənistan sülhə doğru real addımlar atmaq istəyi nümayiş etdirirdi. Lakin bəzi ermənipərəst dövlətlər, xüsusilə, Fransa buna imkan vermir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə və Praqada keçirilən üçtərəfli və dördtərəfli, eləcə də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidəki üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edilən bəyanatları imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Hətta Praqa görüşündə iştirak edən Fransa Prezidenti Emmanuel Makron da görüşün sonunda qəbul edilən bəyanatı imzalamışdı. Həm Paşinyan, həm də Makron Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqlarını bildiriblər. Lakin həmin görüşdən bir həftə keçməmiş Fransa Prezidenti Azərbaycana qarşı qərəzli bəyanatla çıxış edib. Bundan bir ay sonra isə Fransa Senatının beynəlxalq hüquq normalarına zidd olan anti-Azərbaycan qətnaməsi qəbul etməsi Fransanın Ermənistan- Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasının əleyhinə olduğunu açıq şəkildə təsdiqləyir.

Xatırladaq ki, Senatın 23 üzvü Makronun partiyasını təmsil edir və onların hamısı qətnamənin lehinə səs veriblər.

Siyasi şərhçi diqqətə çatdırıb ki, bu, Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyduğu birinci hal deyil: “Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidenti “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”, – deyə beynəlxalq hüquqa zidd olan bəyanat verdi. Bununla da, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi otuz illik vasitəçilik fəaliyyətinin iç üzü bir daha bəlli oldu. Fransa Senatının müharibədən dərhal sonra qondarma “Dağlıq Qarabağ Respublikasının tanınması” ilə bağlı qəbul etdiyi qətnamə də bir daha göstərdi ki, bu ölkənin istər Minsk qrupu çərçivəsindəki fəaliyyəti, istərsə də son iki ildəki vasitəçilik təşəbbüsü artıq arxivin küncünə atılmış status-kvonun saxlanılmasına xidmət edir”.

Ə.Bədəlov bildirib ki, dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan növbəti görüş keçirilməli idi. Lakin Nikol Paşinyan həmin görüşdə yalnız Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini açıqlayıb. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq. Çünki Fransa Prezidenti bütün vasitələrlə işğalçı ölkəyə haqq qazandırır, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında tanınmış ərazilərinin Ermənistana məxsus olduğunu bildirir. Ermənipərəst mövqeyini açıq şəkildə bəyan edən Fransanın vasitəçilik etməsi qeyri-mümkündür. Dövlətimizin başçısı bu günlərdə ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında da buna münasibət bildirib.

Prezident deyib ki, Ermənistanın sülh sazişini imzalamaması üçün vaxt uzatmaq hiyləsi artıq hər kəsə məlum oldu. Fransa və Ermənistan eyni bir siyasəti - işğalçılıq siyasətini həyata keçirən dövlətlərdir. Fransanın Afrika dövlətlərində həyata keçirdiyi işğalçılıq, xalqlara qarşı soyqırımı siyasəti bütün dünyaya məlumdur. Bu gün Fransanın Afrikadakı mövqeləri getdikcə zəifləyir. Makron Cənubi Qafqazda Fransanın maraqlarını həyata keçirməyə çalışır. Bu məqsədlə Fransa Prezidenti Ermənistandan bir alət kimi istifadə edir.

Ə.Bədəlov bildirib ki, Makronun riyakar siyasəti, beynəlxalq hüquq normalarına zidd hərəkətləri onun Fransa vətəndaşları arasında da nüfuzunu aşağı salıb. Sadə vətəndaşları tərəfindən şillələnən, pomidor və yumurta atəşinə tutulan Makronun naşı bir siyasətçi olması göz qabağındadır: “Azərbaycan gündən-günə inkişaf edən güclü bir dövlətdir və heç bir ölkənin daxili işinə qarışmır. Fransa kimi ikili siyasət yeridən bir dövlətin bizim işlərimizə qarışmağa heç bir haqqı çatmır və Azərbaycanın qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasında bu ölkənin vasitəçiliyinə ehtiyacı yoxdur. Çünki Fransa Ermənistanın mövqeyini müdafiə etdiyinə görə vasitəçilik şansını çoxdan itirib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.