REGİONLAR
Alma ağaclarının quru budanması məhsuldarlıq üçün olduqca vacibdir – mütəxəssis VİDEO
Qusar, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusarın intensiv və superintensiv alma bağlarında ağacların quru budanması işləri mart ayının ikinci ongünlüyünədək davam edəcək. Rayonda bu üsulla becərilən alma bağlarının ümumi sahəsi 917 hektardır.
Aqronom Həmid Bayraqdarov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, budama əsas etibarilə qısaltma və seyrəltmə üsulunda aparılır. Bu proses bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün tənzimlənməsinə, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir.
Həmid Bayraqdarovun ağacların quru budanmasının məhsuldarlıq üçün vacib olduğunu bildirir: “Ağac 4-5 yaşında meyvə verməyə başlayır. Bu vaxtdan etibarən budama ağacın vəziyyətinə müvafiq aparılmalıdır. Budama zamanı bitkinin bioloji və sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması nəzərə alınmalıdır”.
Alma ağaclarının ən yaxşı budanma vaxtı payızda yarpaqlar töküləndən erkən yazda tumurcuqların şişməsinin başlanğıcınadək keçən dövrü əhatə edir. Məhsuldar alma ağacları cavan ağaclara nisbətən daha tez budanmalıdır. Sanitar budamalar payızda, ucvurma, cavanlaşdırıcı və dərin budamalar isə qışın sonunda aparılmalıdır.
Budama işini aqronomların məsləhəti və nəzarəti altında həyata keçirmək lazımdır.
Qusar rayonunda 11 min 436 hektar meyvə bağı var. Bunun 1379 hektarını intensiv və superintensiv meyvə bağları təşkil edir.