DÜNYA
Almaniya Münhendə öldürülmüş israilli idmançıların ailələrinə kompensasiya ödəyəcək
Bakı, 27 iyul, AZƏRTAC
Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Münhendə öldürülmüş israilli idmançıların ailələrinə kompensasiya ödəniləcəyi barədə ilk dəfə məlumat verib. Onun sözlərinə görə, “hazırda hadisə qurbanlarının ailələrinin nümayəndələri ilə kompensasiyanın məbləği barədə danışıqlar aparılır”. Bu elan “Qara sentyabr” təşkilatının üzvləri tərəfindən 11 israilli idmançının qətlə yetirilməsindən 50 il sonra səslənib.
AZƏRTAC İsrail KİV-inə istinadla xəbər verir ki, həmin ailələr bundan əvvəl də Almaniya hökumətindən müəyyən məbləğlər alıb. Lakin həmin məbləğlər kompensasiya və ya təqsirin etiraf edilməsi deyil, “humanitar yardım” hesab edilirdi. İdmançıların ailələri Almaniyanın hakimiyyət orqanlarının Olimpiadada təhlükəsizliyin pozulmasında ittiham edirlər. Bu, faciəli nəticələrə gətirib çıxarıb.
Həlak olmuş 11 idmançının xatirəsinə ehtiram əlaməti olaraq keçən il Olimpiya mərasimləri tarixində ilk dəfə diktor onların adlarını, eyni zamanda, dünyada koronavirus epidemiyası qurbanlarını xatırladıb.
Kompensasiya ödənilməsi barədə qərar həlak olanların qohumları üçün maddi baxımdan ağır nəticələri müəyyən etmək arzusu ilə qəbul edilib. Federal Daxili İşlər Nazirliyinin nümayəndəsi “Sueddeutsche Zeitung” nəşrinə müsahibəsində bildirib ki, federal hökumət olimpiyaçılara hücumu və onun nəticələrini “son həftələrdə yenidən qiymətləndirib”.