DÜNYA
Almaniya Prezidenti Xemnits şəhərində narazı sakinlərlə görüşüb
Berlin, 5 noyabr, AZƏRTAC
Avqustun sonunda baş vermiş 35 yaşlı kişinin qətlə yetirilməsi cinayətindən Xemnits şəhər sakinlərində nifrətin körüklənməsi məqsədilə sui-istifadə olunub.
AZƏRTAC xəbər verir ki, bunu Xemnits şəhər sakinləri işə görüşündə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.
Ştaynmayerin sözlərinə görə baş vermiş hadisə ilə bağlı sakinlərin kədərinə kin, bəzi hallarda isə hiddət əlavə olunub. “Lakin şəhər sakinlərinin narazılığından sui-istifadə olunduqdan sonra əcnəbilərə qarşı nifrəti körükləmək, konstitusiyaya zidd rəmzləri nümayiş etdirmək və zorakılığı küçələrə daşımaq üçün mümkün olan bütün sərhədlər aşıldı”, - deyə Almaniya Prezidenti vurğulayıb.
Almaniyanın dövlət başçısı qeyd edib ki, ölkənin hər bir vətəndaşı öz fikrini, o cümlədən narazılığını sərbəst şəkildə ifadə edə bilər, lakin bunu təhqir, təqib və hədə-qorxu olmadan etmək lazımdır. Sağ təmayüllü “Xemnits inqilabı” terror təşkilatının ifşa olunması və onun haqqında əldə edilən ilkin məlumatlar sübut edir ki, qaydaların bu cür kobud şəkildə pozulmasının arxasında dəhşətli təhlükə gizlənə bilər”, - deyə Ştaynmayer əlavə edib.
Xatırladaq ki, avqustun 26-da Xemnitsdə dava-dalaş zamanı Kuba-alman mənşəli bir nəfər qətlə yetirilmişdi. Cinayətin qaçqınlar tərəfindən törədildiyi ehtimal olunurdu. Bu hadisədən sonra şəhərdə həm hakimiyyətin miqrasiya siyasətinə qarşı, həm də ksenofobiya əleyhinə mitinq və nümayişlər başlamışdı. Onlardan bir neçəsi polislə toqquşmalara və iğtişaşlara gətirib çıxarmışdı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin