DÜNYA
Almaniya hara yuvarlanır?
Berlin, 19 aprel, AZƏRTAC
Almaniyada antisemit xarakterli hücumların sənədləşdirildiyi videoçarxların internetdə yerləşdirilməsinin adi hal alması kədərləndirir. Gah İsrailin bayrağı yandırılır, gah bir kişi yəhudilərin işlətdiyi restoranın sahibini təhqir edir, qaz kameralarından danışır... Bu məzmunlu videolar həmişə hiddət dalğası yaradır.
AZƏRTAC xəbər verir ki, bu günlər almaniyalı siyasətçilər ölkədəki yəhudiləri müdafiə etmək üçün mümkün olan hər şeyi edəcəklərinə getdikcə daha ucadan söz verirlər, amma sözdən əməli işə keçmirlər. Onlar tarixi təcrübəyə, məsuliyyət hissinə istinad edir, daha bir müvəkkil təyin edir, maarifləndirici proqramlar işə salırlar, immiqrantlar ölkəsi olduğunu gec də olsa yalnız indi rəsmi etiraf edən Almaniyanın qarşısında duran mürəkkəb çağırışlardan danışırlar. Amma bunların hamısı quru sözçülükdən başqa bir şey deyildir.
Sonuncu belə video amansızcasına sübut edir ki, həmin tədbirlər yəhudilərə nifrətini çox qaba şəkildə ifadə edən gənc kimi insanların cəsarətini qırmağa kömək etmir: cavan bir ərəb günün günorta çağı Berlinin mərkəzində, qələbəlik küçədə başında kipa olan başqa bir gənci (kipa onun yəhudi olduğunu göstərir) döyür. Toqqasını çıxaran ərəb gəncin sifətinə soyuq nifrət həkk olunub. Onun üzündə maska yoxdur, əksinə, bilir ki, hərəkətləri telefonun kamerasına çəkilir; kamerası işə salınmış telefonunu onun gözü qarşısında tutan zərərçəkən getdikcə daha bərkdən qışqıraraq deyir: “Mən çəkirəm, mən çəkirəm!”. Amma aydın görünür ki, bu, cinayətkarın heç vecinə deyil. Onun vecinə deyil ki, hərəkətlərini kameraya çəkirlər, vecinə deyil ki, onu tanıyacaqlar, vecinə deyil ki, polis mütləq onu yaxalayacaq.
Almaniyada nələr baş verir? Bu video belə bir xoşagəlməz faktı təsdiq edir ki, Almaniya cəmiyyəti dinc yanaşı yaşamağın əsas qaydalarını müdafiə etmək üçün təcili olaraq başqa yollar axtarmalıdır.
Almaniya repçilərinin repertuarı da təsdiq edir ki, bu ölkədə yəhudilərə münasibətdə düşmənçiliyə yer yoxdur barədə ictimai konsensus getdikcə daha çox pozulur. Bu konsensus isə heç bir halda şübhə altına alınmamalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin