DÜNYA
Almaniya iki gəmidən sahilə çıxa bilməyən qaçqınları qəbul etməyə hazırdır
Berlin, 7 yanvar, AZƏRTAC
Almaniya Daxili İşlər Nazirliyinin rəsmisi bəyan edib ki, bu ölkənin hökuməti alman xeyriyyəçi qeyri-hökumət təşkilatlarına məxsus “Sea-Watch” və “Sea-Eye” gəmilərinin göyərtəsində qalmış qaçqınları Avropada kompleks yerləşdirilmə proqramı çərçivəsində qəbul etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, artıq bir neçə gündür ki, Aralıq dənizində xilas edilən 49 miqrant Sea-Watch” və “Sea-Eye” gəmilərinin göyərtəsində sahilə çıxmağı gözləyir. 2018-ci il dekabrın 22-də onlardan 32-si, bir həftə sonra isə qalan 17-si xilasedicilər tərəfindən qurtarılıb. İtaliya və Malta hökumətləri bu qaçqınları qəbul etməkdən imtina edib. Bundan əvvəl Liviyadakı düşərgələrdə sığınacaq tapan miqrantlar, o cümlədən qadın və uşaqlar uzun müddətdir Avropaya getmək üçün yola çıxıblar.
Roma Papası Fransisk də bu qaçqınların problemini həll etmək üçün Avropa siyasətçilərinə müraciət edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin