SİYASƏT
Almaniya portalları ermənilərin cəbhə xəttindəki növbəti təxribatı ilə bağlı materiallar yayıb
Berlin, 27 sentyabr, AZƏRTAC
Almaniyanın tagesschau.de, welt.de, trtdeutsch.com portallarında ermənilərin cəbhə xəttindəki növbəti təxribatı ilə bağlı materiallar yayılıb.
AZƏRTAC-a istinadla yer alan məlumatlarda 27 sentyabr tarixində, səhər saatlarında Dağlıq Qarabağ regionunda ağır döyüşlərin başladığı barədə bildirilir. Münaqişə tərəflərinin döyüşlərlə bağlı təqdim etdiyi məlumatlara istinad edilərək hərbi və mülki itkilərin olduğu ifadə olunur. Tərəflərin hərbi əməliyyatların kəskinləşməsinə görə bir-birini günahlandırdığı əlavə olunur.
Məlumatlarda, həmçinin Dağlıq Qarabağın beynəlxalq hüquqi cəhətdən Azərbaycana məxsus olduğu, AFR Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağı tanımadığı və regionu “Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilər” kimi xarakterizə etdiyi öz əksini tapır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin