REGİONLAR
Almaniyalı qonaqlar Sumqayıtda Lüdviqshafen parkında ağac əkiblər
Sumqayıt, 2 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda səfərdə olan Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti bir sıra tədbirlərdə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar şəhərin 9–cu mikrorayon ərazisində yerləşən Lüdviqshafen parkını gəzib, aparılan yenidənqurma işləri ilə tanış olublar. Şəhər sakinləri ilə söhbət edib, özfəaliyyət kollektivlərinin çıxışlarını izləyiblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk, nümayəndə heyətinin üzvləri iki şəhərin dostluğunun simvolu sayılan Lüdviqshafen istirahət parkında ağaclar əkiblər.
Bildirilib ki, bu park 1997-ci ildə Sumqayıt ilə tərəfdaş olan Lüdviqshafen şəhərlərinin dostluq əlaqəsinin 20 illiyi münasibətilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün şərait yaradılıb.
Bir neçə gündür Sumqayıtda olan almaniyalı qonaqların səfəri bu gün başa çatıb.