SİYASƏT
Almaniya qəzetində dərc olunmuş məqalədə erməni təcavüzkarlığından bəhs edilib
Berlin, 25 noyabr, AZƏRTAC
Almaniyanın “Bayreuther Sonntagszeitung” qəzetində dərc olunmuş “İşğal beynəlxalq hüquqa ziddir” adlı məqalədə soydaşımız Pərvin Məhərrəmovun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı fikirləri yer alıb.
Qeyd edək ki, Pərvin Məhərrəmov 2008-ci ildə Almaniyaya gələrək həkim kimi işləməyə başlayıb və hazırda fəaliyyətini Bayroyt Klinikasında davam etdirir.
P.Məhərrəmov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə ətraflı məlumat verib. Bildirib ki, bu təcavüz nəticəsində Dağlıq Qarabağ regionu və 7 ətraf rayon, yəni, Azərbaycan ərazisinin beşdəbiri Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Bir milyondan artıq azərbaycanlı isə qaçqın və məcburi köçkünə çevrilib. İşğal 30 ilə yaxın müddətdə davam edib. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını və məcburi köçkünlərin geri qaytarılmasını tələb edib. Lakin bu tələblər Ermənistan tərəfindən yerinə yetirilməyib. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti də bir nəticə verməyib. Beynəlxalq ictimaiyyət, o cümlədən Almaniya hökuməti işğal olunmuş Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Hətta Almaniya Bundestaqı 2009-cu ildə BMT TŞ-nin qətnamələrinin icrasını tələb edib.
Bildirilib ki, münaqişə cari ilin iyul ayından etibarən, Ermənistanın Tovuz bölgəsində Azərbaycana qarşı həyata keçirdiyi təxribat nəticəsində kəskinləşib, cari il sentyabr ayının sonundan etibarən isə daha intensiv xarakter alıb. Müharibə zamanı Ermənistan ordusu azərbaycanlı mülki əhalinin sıx şəkildə yaşadığı bölgələrə raket zərbələri endirib və nəticədə çoxsaylı mülki şəxs həlak olub. Ermənilər qəsdən mülki obyektləri hədəfə alıblar.
Qeyd edilib ki, bu yaxınlarda hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan tərəfindən razılaşma əldə edilib. Razılaşma 30 il ərzində mövcud olmuş status-kvonun dəyişməsinə və Ermənistan üçün böyük itkilərə səbəb olub. Ermənistanda geniş kütlə razılaşmanı böyük narazılıqla qarşılayıb və hökumətin istefasını tələb edib. Bu razılaşmanın hər iki xalq üçün sülh gətirəcəyinə inam ifadə edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin